Daha bir Ramazan ayına qədəm basdıq.
Ramazan, el dili ilə desək, orucluq ayı mövcud olduğu bir ay ərzində müsəlmanları hər cür pis əməldən çəkindirir, onları nümunəvi davranışa, humanistliyə və sülhə dəvət edir. Ramazan ayının fəziləti o qədər böyükdür ki, hətta dünyanı qana boğan terror təşkilatlarının bir çoxu da bu bir ay müddətdə terror hücumlarına ara verirlər…
Ramazan ayında oruc tutmaq İslamın beş şərtindən biridir. Oruc, niyyət edərək dan yeri ağarandan günəş batınca yeməmək, içməmək və cinsi əlaqədə olmamaq şərti ilə yerinə yetirilən ibadətdir. Peyğəmbərimiz oruc tutanlar üçün bu müjdəni verir: «Kim inanaraq və mükafatını Allahdan gözləyərək, Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar» (əl-Buhari, hədis. 7).
Oruc ancaq Allah rizası üçün tutulur və bu ən gözəl iradə tərbiyəsidir. Əl-Müslim Allahın buyurduğu ayətlərə istinad edən hədislərin birində yazır: «Oruc mənim üçündür, onun mükafatını da özüm verəcəyəm».
Xəstəliklərin dərmanı - Oruc
Ramazan ayının müsbət siyasi keyfiyyətləri ilə yanaşı mənəvi, tibbi və sair məziyyətləri də var ki, bunların hamısı insanlara yalnız xeyir gətirir. Hətta bu barədə digər dinlərin nümayəndələri də yüksək fikirlər səsləndirirlər. Təbii ki, xristianlıqda, iudaizmdə, eləcə də ənənəvi dinlərdə də fərqli adlar altında oruc tutulur. Ona görə deyə bilərik ki, oruc bütün bəşəriyyəti birləşdirən vacib, müqəddəs buyruqdur.
Bir qədər Ramazanın oruc tutanlara nə kimi faydalarının toxunduğunu öyrənək. Oruc tutmaq həqiqətdə bədən üçün tam istirahət və insan orqanizminin paklanması, təmizlənməsi deməkdir. İnsanın ürəyi bir an işləyib, bir an istirahət etdiyi kimi bədənin də 11 ay davamlı işlədikdən sonra bir aylıq istirahətə ehtiyacı var. İlk növbədə, oruc tutmaq insan orqanizminin bir sıra xəstəliklərdən qurtulması deməkdir. Yəni müasir tibb elmi sübuta yetirib ki, oruc tutarkən qida rejimi vasitəsilə bədəndəki artıq yağlar həzm olunur, uyğunsuz və zərərli köklük azalır, bel oynaqlarına, aşağı əzalara düşən təzyiq, dalaq, ürək, qan-damar və ifrazat sistemində tənzimlənmə yaranır, bədənin immun sistemi «hazır ol» durumuna gəlir, güclənir və tənzimlənir. Həkimlərin qənaətincə, 70-dən yuxarı xəstəlik yemək-içməkdə diqqətsizlikdən yaranır . Bu xəstəliklərin qarşısını almağın ən yaxşı yolu qida rejiminə əməl etmək və xüsusilə oruc tutmaqdır.
Tibb elminin əsaslı nailiyyətləri göstərir ki, oruc tutduqda bədəndə öz adi həddindən çox olan maddələr yaranır. Məhz bu maddələr mikrob və virus infeksiyalarının qarşısını almaqda, xərçəng hüceyrələrinin məhvində böyük rol oynayır. Məhəmməd salavatullah bir hədisdə bildirir: «Oruc tutun ki, sağlam olasınız».
Orqanizmdə şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut ediblər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr fəallaşır, insanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir. Peyğəmbərimiz Rəsuli-əkrəm (s) belə buyurub: «Oruc tutun ki, sağlam qalasınız» .
Vüqar Kərimov
Bşdypi-nin əməkdaşı
11 Ayın Sultanı Ramazan-Vüqar Kərimov-Məqalə
.jpeg)