İspaniyada həmkarlar ittifaqları küçələrə axışdı: “Mübarizəni davam etdirməkdə qərarlıyıq”

İspaniyada həmkarlar ittifaqları küçələrə axışdı: “Mübarizəni davam etdirməkdə qərarlıyıq”
# 04.11.2022 08:40
# 14

İspaniyanın iki böyük həmkarlar ittifaqı Madriddə maaşların artırılması tələbi ilə nümayiş keçirib.

Buna səbəb yüksək inflyasiya və yaşayış dəyərinə qarşı maaşların artırılması istəyi olub.

Fəhlə Komissiyaları Birliyinin və Ümumi Fəhlə Həmkarlar İttifaqının çağırışı ilə ölkənin hər yerindən Madridə fəhlələr gəlib. Onlar “Bu böhranın hesabını işçi sinfi ödəməyəcək”, “Ya maaş artımı və ya münaqişə” şüarlarını səsləndirib.

Meydana toplaşan minlərlə nümayişçi maaş artımı tələblərinə indiyədək reaksiya verməyən İşəgötürənlər və Sənayeçilər Konfederasiyasına da etiraz edib.

Etirazçılar maaş artımı tələbləri qəbul edilmədiyi təqdirdə müxtəlif sektorlarda kollektiv müqavilələrə uyğun olaraq tətil edəcəklərini açıqlayıblar.

Fəhlə Komissiyaları Birliyinin rəhbəri Unai Sordo işsizliyin 12 faiz, inflyasiyanın isə 8 faiz səviyyəsində olduğunu vurğulayıb.

“Biz qeyri-bərabərliyə, iqtisadi tənəzzülə və işəgötürənlərin mənfəətlərinin artmasına qarşılıq işçilərin əmək haqqının azalması səbəbindən mübarizəmizi davam etdirməkdə qərarlıyıq. Qiymət artımları nəticəsində yaranan bu böhranın hesabını işçilər ödəməyəcək”, - deyə o qeyd edib.

Mənbə: Haber Global

#