Müharibəyə rəğmən azərbaycanlılar Ukraynada təhsil ala biləcəklər

Müharibəyə rəğmən azərbaycanlılar Ukraynada təhsil ala biləcəklər
# 16.07.2022 13:14
# 173

Ukraynada fevralın 24-dən davam edən müharibəyə baxmayaraq, bu il 207 Azərbaycan vətəndaşı həmin ölkənin ali təhsil müəssisələrini bitirərək diplom alıb.

Bu barədə “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Təhsil və Elm Nazirliyindən bildirilib.

Ölkədəki mövcud hərbi vəziyyət nəzərə alınaraq növbəti tədris ili üçün Azərbaycan vətəndaşlarının Ukrayna universitetlərinə qəbuluna gəlincə, nazirlikdən məlumat verilib ki, bu il ali təhsil səviyyəsi üzrə yeni qəbul proseduru təsdiqlənib:

“Xarici vətəndaşlar əyani və ya məsafədən təhsil ala bilərlər. 2022-ci ildə təhsil almaq üçün dəvət bir il müddətində etibarlıdır. Vizasız rejimi nəzərə alaraq, Ukraynanın təhsil müəssisələrinə distant rejimdə daxil olmaq və təhsil almaq istəyən Azərbaycan vətəndaşları təhsil müəssisəsi ilə əlaqə saxlamalı və təhsil almaq üçün dəvət almalıdırlar. Daha sonra informasiya və konsaltinq dəstəyi üçün bir sıra xidmətlərə ödəniş edilməlidir. Abituriyent Ukraynanın Xarici İşlər Nazirliyində və ölkənin Azərbaycandakı səfirliyinin konsulluq şöbəsində təhsil haqqında sənədi leqallaşdırmalıdır (konsul leqallaşdırması və ya apostil).

Abituriyent onlayn şəkildə qəbul imtahanları verdikdən sonra isə poçtla təhsil haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini göndərməlidir. Qeydiyyat kiçik bakalavr, bakalavr və ya magistr pillələri üzrə ildə üç dəfə, aspirantura və adyunkturaya isə bir il müddətində aparıla bilər”.

#