Tovuz döyüşlərinin başlamasından iki il keçir

Tovuz döyüşlərinin başlamasından iki il keçir
# 12.07.2022 09:55
# 108

Bu gün Tovuz döyüşlərinin başlamasından iki il keçir.

2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozublar.

Ermənilər mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstəriblər. Düşmən əvvəlcə yüngül atıcı silahlardan, 60, 82, 120 millimetrlik minaatanlar və daha iriçaplı digər ağır artilleriya qurğularından istifadə etməklə və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi – Ağdam, Dondar Quşçu, Əlibəyli, Vahidli, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü kəndlərini – atəşə tutub.

Düşmənə qarşı cavab tədbirlərinin görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verilib.

Görülən tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb, onun müdafiəsinin ön xəttindəki atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları və yüzədək canlı qüvvəsi məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, bu dəfə də hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətdən gizlədib.

Əldə olunan məlumata görə, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən erməni əsilli döyüşçülər də olub. Bu kateqoriyadan olan şəxslər Ermənistanda rəsmi qeydiyyata alınmadıqları üçün erməni hərbi rəhbərliyinə bu itkiləri gizlətmək daha asan olur.

İyulun 12-dən başlayan aktiv döyüş əməliyyatları iyulun 17-i axşam saatlarınadək davam edib. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərimizi ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.

Bu əməliyyat istiqaməti eyni zamanda həm də iki ölkə arasında dövlət sərhədi olduğundan Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri sadəcə düşmənin tətbiq etdiyi silah növlərinə uyğun, onun atəş nöqtələrinin susdurulması və onun irəliləməsinin qarşısının alınmasına yönəlib.

Təbii ki, döyüşlərdə bölmələrimizin qarşısında düşmən mövqelərini ələ keçirmək və ya hansısa istiqamətdə irəliləmək kimi məqsəd yox idi.

Döyüşlərdə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov - şəhid olub. Döyüşlər zamanı yaralananlar da olub.

Ermənistan ordusundakı vəziyyətdən fərqli olaraq qürurverici haldır ki, şəhid olan general və zabitlərimiz tabeliklərində olan əsgərlərlə bir sırada, ön xətdə düşmənlə döyüş zamanı həlak olublar.

Qeyd edək ki, döyüşlər zamanı yaşayış məntəqələri, qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib.

Artilleriya atəşi nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əziz Əzizov həlak olub.

Tovuz döyüşləri Azərbaycanda Ermənistanın işğalına qarşı dövlətin strateji qətiyyətini və xalqın müqavimət ruhunu gücləndirdi.

Tovuzdakı şiddətli döyüşlər zamanı Azərbaycanda könüllü şəkildə orduya yazılmaq prosesi başladı. Bu döyüşlərdə məğlub olan Ermənistan Azərbaycana qarşı təxribatlarını genişləndirdi. Azərbaycan isə bu təxribatlara cavab olaraq sentyabrın 27-də güclü əks-hücum əməliyyatlarına başladı və 44 gün ərzində işğalda olan ərazilərini azad etdi.

#