Üçüncü qüvvələrin bölgəyə gətirilməsi: İrəvan Tehrana qəbir qazır

Üçüncü qüvvələrin bölgəyə gətirilməsi: İrəvan Tehrana qəbir qazır
# 13.01.2023 07:33
# 40

İran daim Azərbaycanı regiona üçüncü qüvvələri gətirməkdə ittiham edib. Tehran rəsmilərinin və onların təsiri altında olan dairələrin ittihamları ondan ibarət olub ki, guya Bakı region maraqlarını tapdalayan və real təhlükə yaradan ölkələrlə əməkdaşlıq edir. İran bunu bəhanə edərək dəfələrlə Azərbaycanı hədələyib.

Lakin regionda baş verən hadisələr sübut edir ki, İran hakimiyyətinin ölkəmizə qarşı bu fitnə-fəsadlı çıxışları yersizdir. Çünki Cənubi Qafqaza xarici qüvvələri gətirən ilk növbədə Ermənistandır. Son proseslər də bunu təsdiqləyir.

Hazırda Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrində Avropa İttifaqının (Aİ) missiyası fəaliyyət göstərir. Aİ-nin əsas ölkələrindən biri Fransadır. İstər rəsmi Parisin, istərsə də başqa qüvvələrin regiona girmək cəhdi başında rəsmi İrəvan dayanır.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra İrəvan Azərbaycan-Ermənistan sərhədyanı bölgəsinə, beynəlxalq qüvvələrin, hətta NATO qoşunlarının gətirilməsinə cəhd göstərirdi. Sonrakı dövrdə ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bölgəyə hərbi qüvvə göndərməsinə çalışırdılar. Daha sonra Ermənistan regiona Avropa İttifaqının mülki müşahidə missiyasının gətirilməsinə nail oldu. Bu məsələdə Ermənistana yardım edən və onları dəstəkləyən Fransadır.

Bu missiyanın bir qrupu fəaliyyətini başa çatdırıb, növbəti missiya Ermənistana gəlməkdədir. Missiya təkcə Azərbaycan-Ermənistan sərhədyanı bölgəsində vəziyyətin monitorinqini aparmır, fəaliyyəti yalnız İrəvanla bağlı məsələlərlə məhdudlaşmır. Bu, üçüncü qüvvələrin regiona birbaşa müdaxiləsi deməkdir. Yəni Ermənistan bu fəaliyyəti ilə İranın regiondakı marağına qarşı çıxır.

#